SOSİUM

12 Aprel

Bakı və Qəbələdə işəgötürənlərlə birgə əmək yarmarkası təşkil edilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 30 müəssisə iştirak edib. Yarmarkaya qatılan şəxslərə işəgötürənlər tərəfindən 500-dək boş iş yeri təqdim edilib.

Daha bir əmək yarmarkası Agentliyin Şəki-Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Tədbirdə Qəbələ rayonu üzrə 15 müəssisə tərəfindən 200-dən artıq vakansiya təqdim edilib.

Hər iki yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Tədbirdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.