SOSİUM

07 Mart

Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

Dövlət satınalmaları ilə bağlı yekun protokollar təhlil edilərkən sahibkarlıq subyektləri tərəfindən bəzi dövlət orqanları adından hazırlanan sənədlərə müdaxilə edilərək saxtalaşdırılmasına dair ilkin dəlillər aşkarlanıb.

Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında bəzi qanun pozuntusu halları ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Belə ki, “Maybo Calibration” MMC, “Ural As Servis” MMC, “Kremon” MMC, “Tean LM” MMC, “Fərid-FB” MMC və fiziki şəxs Təhməzov Vüqar Rafiq oğlu tərəfindən müxtəlif dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair aşkarlanmış ilkin dəlillər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.