SOSİUM

06 Mart

Nazir Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüş keçirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Göyçayda “Technest” Təqaüd Proqramına seçilmiş gənclərlə görüşüb. 

RİNN-dən Fins.az-a verilən məlumata görə, təqaüdçülərlə görüşdə yerli ictimaiyyət nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi də iştirak edib. 

Nazir Göyçay üzrə təqaüd qazanmış gəncləri təbrik edərək onlara qarşıdakı tədris müddətində uğurlar diləyib. Rəşad Nəbiyev, eyni zamanda “Technest” Təqaüd Proqramının regional fəaliyyəti ilə bağlı danışaraq bölgədə İKT sektorunda bilik və bacarıqların artırılmasının əhəmiyyətini önə çəkib. 

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” proqramı çərçivəsində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası 2 martdan etibarən Göyçayda dərslərə start verib. 6 ay ərzində keçiriləcək intensiv təlimlərdə təqaüdçülərə “Proqramlaşdırmanın əsasları” ixtisası öyrədiləcək.

Xatırladaq ki, “Technest” Təqaüd Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə 2021-ci ilin oktyabr ayından etibarən start götürüb. Proqramın məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Agentlik bu istiqamətdə 50-dən çox ixtisas üzrə 12 təlim mərkəzi ilə yaxından əməkdaşlıq edir. 2021-2022-ci illərdə təqaüd qazanmış tələbələrin və cari məzunların ümumi sayı 618 nəfər təşkil edir. Cari tədris ili ərzində 3000-ə yaxın yeni təqaüdün verilməsi nəzərdə tutulur.