SOSİUM

03 Mart

"Alatava 1"in sökülməsi mənzil bazarına necə təsir edəcək? - AÇIQLAMA

Bakının Yasamal rayonunda "Alatava 1" adlı yaşayış massivində (Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz ərazi) söküntüyə başlanılacaq.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, artıq bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib.

Fins.Az xəbər verir ki, sakinlərlə razılaşmaya əsasən, ya onlara kompensasiya, ya da sökülən evlərinin yerində tikiləcək binalarda indikindən 20 kv.m artıq sahədə mənzil veriləcək.

Həmçinin mənzil istəyənlərə binalar inşa olunana qədər hər ay 500 AZN kirayə pulu da təklif olunur.

Bəs həmin ərazidə söküntü əmlak bazarına necə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı bildirib ki, hər hansısa ərazidə binaların sökülməsi əmlak bazarında mənzillərin ucuzlaşmasına təsir eləmir.

"Söküntü aparılan ərazilərdə əksinə qiymət artımı olur. Çünki söküntülər əsasən istismar müddəti bitmiş və birmərtəbəli evləri əhatə edir. Yerində də çoxmənzilli binalar tikilir. Belə olduqda təzə tikilən binalarda mənzillərin qiymətləri yüksək olur. Alatava şəhərin mərkəzinə yaxın olduğu üçün bu ərazilərdə təməli yeni qoyulmuş təmirsiz mənzillərin bir kvadratının qiyməti 1400-1500 manat arası dəyişir. Mərtəbələr tikildikcə də qiymətlər artır. Belə olan halda "Alatava 1"-də qiymət ucuzlaşmasını gözləmək olmaz", - R.Osmanlı vurğulayıb.

Ekspert bildirib ki, ümumiyyətlə mənzil bazarında ucuzlaşma üçün hər hansı iqtisadi əsas yoxdur.

"Belə ki, Azərbaycanın mənzil bazarının böyük hissəsi yeni tikililərdən ibarətdir. Hazırda yeni tikililərdə qiymət artan tendensiya ilə davam edir. Çünki çoxmərtəbəli binaların tikintisi üçün qaydalar sərtləşdirilib. Bu da mənzillərin qiymətinə təsir göstərir", - deyə ekspert qeyd edib.

©Trend