SOSİUM

24 Fevral

“Qanlı Göl”ə yeni həyat verilir - Göl ətrafında yaşayış kompleksinin layihəsi reallaşır - FOTO

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən "Qanlı göl" ətrafında həyata keçiriləcək layihənin növbəti ictimai dinləməsi keçirilib. 

Fins.Az-ın məlumatına görə, Agentliyin konfrans zalında təşkil olunan tədbirdə şirkətlərin, dövlət qurumlarının, QHT, KİV və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi, habelə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi aparılıb.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov "Qanlı Göl" ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri barədə məlumat verib. “Burada tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Layihənin müzakirəsinin geniş şəkildə həyata keçirilməsi, müqayisəli təhlillərin aparılması, ekspertlərin fikirləri həm layihənin uğurla icrasına, həm də gölün ekoloji vəziyyətinin daha da yaxşılaşmasına imkan verəcək. "Qanlı göl"ün reabilitasiyasından danışırıqsa, çirklənmə mənbələri, gölün qida mənbəyi, ətraf mühitinin əvvəlki və hazırkı vəziyyəti, gölün ətrafında salınan yaşıllıqların iqlim şəraitinə münasibliyi araşdırılmalıdır. Göl çirklənibsə, dib çöküntülərinin eko-radioloji monitorinqi aparılmalıdır. Lazım olan tələblər, standartlar üzrə layihə ortaya qoyularsa, hər bir detalın müzakirəsi aparılmalı və hərtərəfli danışıqlar olmalıdır", - deyə M.Qənbərov bildirib.

"Qanlı göl" ətrafında reallaşacaq layihə barədə ətraflı məlumat verən şirkətin direktoru İbrahim Dostuməliyev bildirib ki, paytaxtın Yasamal rayonunda 27 hektar ərazidə böyük bir yenidənqurma işləri əsasında yaşayış kompleksinin inşası planlaşdırılır. Bununla yanaşı, “Qanlı göl" ətrafında 32 hektar ərazi və şamlıq zonadan ibarət 6 hektarlıq park layihələndirilib. Layihə yeni, müasir standartlara cavab verən mütərəqqi landşaft layihələri əsasında işlənilib. 
Sonra landşaft memarı Başak Taş Özdemir layihənin təqdimatını edib.

Çıxış edən digər mütəxəssislər gölün estetik görkəminin pozulmaması, gölün su balansının tənzimlənməsi, bütün ekoloji tələblərə riayət olunmasından sonra layihəyə başlanmasının mümkünlüyünü qeyd ediblər.