SOSİUM

24 Fevral

Azərkosmosda “ActInSpace” beynəlxalq hakatonunun qalibi NEXUS komandası ilə görüş keçirilib - FOTO

Bu gün Azərkosmosda kosmik texnologiyalar üzrə “ActInSpace” beynəlxalq hakatonunun Qran-Pri mükafatını qazanmış NEXUS komandası ilə görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fins.Az-a verilən məlumata görə, Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət NEXUS komandası Azərkosmosun tərəfdaşlığı ilə ötən il Bakıda keçirilmiş “ActinSpace 2022” hakatonunun qalibi olaraq beynəlxalq finalda iştirak ediblər.

Kosmik Agentliyin İdarə heyətinin sədri Saməddin Əsədov komanda üzvlərini və UFAZ əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycanda kosmos sahəsinə marağın artırılması diqqət mərkəzindədir və bundan sonra da gənclərin yerli, eyni zamanda beynəlxalq yarışlarda iştirakına dəstək veriləcək.

Görüşdə NEXUS komandasının üzvləri “ActInSpace” beynəlxalq hakatonunda təqdim etdikləri layihəyə hazırlıq mərhələsi, irəli sürdükləri ideyanın inkişafı və məhsula çevirmək imkanları haqqında danışıblar.

Xatırladaq ki, “ActInSpace” Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA) kosmik texnologiyaların cəmiyyət üçün istifadəsi məqsədilə təşkil etdiyi beynəlxalq hakatondur. Bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən 1000-ə yaxın komanda iştirak edib.

Görüşdə Azərkosmos və UFAZ arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. NEXUS komandası kosmosun imkanları ilə daha yaxından tanış olmaq üçün oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.