SOSİUM

16 Fevral

BP Azərbaycanda sosial layihələrə 107 mln. dollar xərcləyib

Bu gün BP şirkəti öz Azərbaycanda olan layihələrindəki tərəfdaşları adından aztəminatlı ailələrdən seçilmiş 40 nəfər peşə bacarığı olan işçi üçün məşğulluq imkanlarını artıracaq bacarıqların inkişaf etdirilməsi layihəsinin uğurla başa çatdığını elan edib.

Fins.Az xəbər verir ki, layihə iştirakçıları təlim proqramının əhatə etdiyi bərbər, tikişçi, qənnadçı-şirniyyatçı və plastik boru qaynaqçısı kimi dörd peşə növündən birinə yiyələniblər. Təlim başa çatdıqdan sonra iştirakçıların bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qiymətləndirilib və bütün müvəffəqiyyətli iştirakçılar müvafiq peşə üzrə diplom alıblar.

"Çox məmnunuq ki, layihənin uğurlu iştirakçılarının indi artıq sertifikatlı peşə bacarığı olan işçilər kimi öz peşəkar karyeralarını inamla davam etdirmək imkanı var. Ümid edirik ki, hər bir icmada bu peşələrə tələbat yüksək olduğundan, bu layihə iştirakçılar üçün davamlı məşğulluq imkanları yaratmaqla nəticədə onların ailələri üçün də dayanıqlı faydalar gətirəcək", - tədbir zamanı BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Layihənin müddəti yeddi ay təşkil edib (iyun 2022 - yanvar 2023) və ümumi dəyəri təxminən 70500 AZN ($41470) olub.

Qeyd olunub ki, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 107 milyon ABŞ dolları xərcləyib.

Azərbaycanda BP şirkətində təxminən 2380 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90%-ni təşkil edir.

©apa