SOSİUM

16 Fevral

“Bakı Metropoliteni” parkına 20 yeni vaqon əlavə edilib

2015-2022-ci illərdə lokomotiv parkında vaqonların sayı 115-ə çatdırılıb.

“Bakı Metropoliteni”ndən Fins.Az-a bildirilib ki, 2022-ci ildə 5 vaqondan formalaşdırılmış bir qatar tərkibi xətlərdə sərnişindaşıma prosesinə cəlb edilib.

Hazırda metropolitenin Yaşıl və Qırmızı xətlərində sərnişindaşıma prosesinə gün ərzində 40-46 marşrut üzrə qatarlar çıxır. Müvafiq tələblərə uyğun, elektrik deposuna texniki baxış, xidmət və qulluq, eləcə də normativ təmirə dayandırılmış qatarlar istisna olmaqla, 22 yeni nəsil qatarın hər biri müntəzəm marşrutlar üzrə xətdə hərəkət edir. Bu qatarlardan 3-ü “İçərişəhər-Həzi Aslanov”, qalanları isə “Dərnəgül-Həzi Aslanov” istiqamətində hərəkət edir. Gün ərzində xətlərdə olan yeni nəsil qatarların 40-50 faizinin yeni nəsil qatarlardan ibarət olduğunu söyləmək mümkündür.

Yeni vaqonların alınması ilə bağlı 2023-cü ildə də proses davam etdiriləcək. Hazırda yeni vaqonların alınması ilə bağlı texniki tapşırıqlar üzərində iş aparılır və il ərzində yeni vaqonların sifarişi ilə bağlı müvafiq tədbirlərin görülməsi planlaşdırılır.

Yeni qatarların sayının artması ilə onlara edilən texniki xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq maddi-texniki baza və müvafiq biliklərə malik işçi heyəti də tam formalaşdırılıb. Zəmanət tələbləri istisna olmaqla, vaqon parkındakı bütün yeni nəsil vaqonların təmiri artıq yerli mütəxəssislər tərəfindən aparılır. 2022-ci ildə yeni tipli vaqonlar üzərində aparılan texniki baxışların sayı 320-yə çatdırılıb. Normativ tələblərə uyğun 65 dəfə 1 saylı, 50 dəfə 2 saylı dövri təmir işləri görülüb.