Bakı şəhərində və şəhərətrafı ərazilərdə vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində daha bir yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Fins.Az-a verilən məlumata görə, Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa edilib.
Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4.5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılıb.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.