SOSİUM

15 Fevral

Azərbaycanda marketlərdə polietilen torbaların pulla satışına başlanıb - FOTO

Bu gündən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb.

Fins.Az apa-ya istinadən xəbər verir ki, artıq bir çox marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satılır.

Qeyd edək ki, “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə məktub ünvanlanıb.

Məktubda qeyd olunub ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

"Bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcək”, - deyə məlumatda qeyd edilib.