SOSİUM

14 Fevral

Yaşayış binalarının üzərində mərtəbələr artırılır... - Bu işlərə kim və niyə icazə verir? - VİDEO

Bakıda bir neçə il əvvəl istifadəyə verilmiş bəzi yaşayış binalarının üzərində hələ də müxtəlif tikintilər aparılır, mərtəbələr artırılır, eyvanlar əlavə edilir.

Fins.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, çoxmərtəbəli binalarda sonradan edilən əlavələr isə təhlükə yaradır.

Qanunsuz həyata keçirilən bu tikintilərin  bəzilərinin qarşısı alınsa da, çox sayda belə tikili olduğu kimi qalır.

Çəkiliş apardığımız zaman Nizami və Xətai rayonlarının ərazisində yerləşən binalarda da  əlavə işlərin görüldüyünün şahidi olduq. Kimisi  birinci mərtəbələri təmir edərək iaşə obyektinə çevirib, kimisi də eyvanını genişləndirərək əlavə otaq yaradıb. Hətta metronun "Həzi Aslanov" stansiyası yaxınlığında binanın damında fərdi ev tikənlərə də rast gəldik.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, çoxmərtəbəli binalarda bu cür hallar aşkar edilərsə, aidiyyəti qurumlara məlumat verilir.

Bakı Şəhər İcra Hakimiyyətindən də qeyd edildi ki, belə binalarla bağlı Komitə  tərəfindən  daxil olan məlumatlar əsasında yoxlamalar aparılır. Qanunsuzluq aşkar edilərsə, həmin tikililər sökülür.

Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan isə deyir ki, bina tikilib istismara verildikdən sonra orada əlavə dəyişiklərin aparılmasına icazə yoxdur. Bununla bağlı inşaat şirkətləri üzərinə öhdəlik götürürlər.

Ekspertin sözlərinə görə, bu cür məsuliyyətsiz hərəkətlər gələcəkdə daha böyük fəlakətlərə yol aça bilər.