SOSİUM

09 Fevral

Hər 6 saniyədə dünyada 1 nəfərin ölümünə fərman verən qatilin etirafı – FOTO

Dünən "Bir qatilin etirafı" adlı qısametrajlı filmin təqdimatı keçirilib.

Fins.Az-ınməlumatına görə, fevralın 8-də “28 Mall Cinema Plus” kinoteatrında "Bir qatilin etirafı" qısametrajlı filmin təqdimatı keçirilib. “MEDİ-ART” Psixi Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə hazırlanan film hər 6 saniyədə dünyada 1 nəfərin ölümünə fərman verən qatildən-siqaretin zərərlərindən bəhs edir.

“MEDİ-ART” Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Tibb Elmləri Doktoru, psixiatr narkoloq, psixoterapevt Araz Əliquliyevin sözlərinə görə, film 9 fevral -  Ümumdünya Siqaretdən İmtina Günü ərəfəsində təqdim olunsa da, bu dəhşətli bəla ilə ilin 365 günü mübarizə aparmaq zəruridir. Bu sahədə təşviqat işlərini gücləndirmək, azyaşlıların siqaretə mübtəla olmaması üçün məktəblərdə təbliğatı maksimal gücləndirmək lazımdır.

“Bir qatilin etirafı” qısametrajlı filmin anti-qəhrəmanı cəlbedici qız obrazında olan siqaretdir. Film boyu bir gəncin beynini dumanlandıran, onu hər vasitə ilə cəngindən buraxmamağa çalışan bu qatil sonda məqsədinə çatır. Filmin sloqanında da cərəyan edən hadisələrə, süjet xəttinə uyğun olaraq, seçilib: "Siqaret deyil, asılılıq öldürür!”.

Filmin baş prodüseri, aparıcı Firuzə Cəlilovanın sözləri ilə desək, “Əgər sən asılılıqlara meyllisənsə, o zaman siqaret olmasa belə, həyatında başqa kabus tapacaqsan.”

“Bir qatilin etirafı” qısa metrajlı filmin təqdimatına millət vəkilləri Jalə Əliyeva, İlham Məmmədov, Bəhruz Məhərrəmov, Fins.Az xəbər portalının baş redoktoru Fuad Mədətov, tanınmış həkimlər, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.