Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə artıq Qaziantep hava limanına eniş etdi.
Fins.Az xəbər verir ki, fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Bu gün zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.