SOSİUM

09 Fevral

Metronun bu stansiyasında yeni işıqlanma sistemi qurulub

Bakı metropoliteni stansiyalarının işıqlanma sistemində mərhələli şəkildə aparılan yenidənqurma tədbirləri “Elmlər Akademiyası” stansiya yollarında davam etdirilib. Burada işıqlanma sisteminin günün tələblərinə uyğun yenilənməsi zərurətə çevrilmişdi.

Bakı Metropolitenindən Fins.az-a verilən məlumata görə, işlər stansiya yollarında hərəkətin təşkili və təhlükəsizliyi, habelə sərnişindaşıma prosesinə maneə törətmədən, əsasən, gecə növbəsində aparılıb. Bu məqsədlə stansiya yollarında müvəqqəti işıqlanma təmin edilməklə, köhnə şəbəkə sökülüb və yenisinin quraşdırılması üçün müvafiq hazırlıq tədbirləri görülüb. Köhnəlmiş, həmçinin enerji sərfiyyatı çox olan 72 Vt-lıq 67 lampa çıxarılaraq dairəvi formalı plafonlardan ibarət 33 led lampa ilə əvəz edilib.

Yeni şəbəkə əvvəlki ilə müqayisədə daha etibarlı, uzunömürlü, qulluğu asan və qənaət baxımından çox əlverişlidir. Plafonların dairəvi formada olması 360 dərəcə boyunca işıqlandırmanı yüksək səviyyədə təşkil etməyə imkan verir. Həmçinin led lampalar stansiya yolunun estetik görkəminə əlavə rəng çaları qatmaqla yanaşı, platformanın memarlıq ansamblının ümumi estetik görkəmini daha effektli edir.

Qeyd edək ki, hazırda “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarında da eyni qayda ilə işıqlanma sistemi tətbiq olunub.

Rəvanə Sərdarova

Fins.az