SOSİUM

03 Fevral

Növbəti yeni qatar xəttə verilib

2022-ci ilin sonlarında Bakı metropoliteninə gətirilmiş 4 qatardan 3-cüsü “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə sərnişin konveyerinə qoşulub. Bu, metropoliten xətlərində fəaliyyətə başlayan innovasiyalar baxımından sonuncu nəslə mənsub 22-ci yeni qatardır.

Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi 81-765 B/81-766 B modelli qatar 2019-cu ildə bağlanmış müqaviləyə əsasən alınıb. “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilmiş qatar paytaxtın iqlim şəraitinə hesablanıb. Mikroiqlim nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz edilib.

Vaqonlar bu gün dünyada mövcud olan ən son texnoloji tələblərə cavab verir. Sərnişin rahatlığı baxımından əlil arabası və irihəcmli yüklər üçün zonalar, enli qapılar, qapı zonasında tavan və oturacaqlar önündə qövsvari tutacaqlar, salondan-salona keçidlər, mobil cihazlara enerji yükləyici yuvalar, elektron informasiya lövhələri, səs-küyü minimuma endirən şüşə və qapıların hermetikliyi, erqonomik və qənaətcil işıqlandırma sistemi, daha müasir antivandal oturacaqlar və s. xüsusi qeyd oluna bilər.

Bu, xəttə verilən sonuncu yeni nəsil qatarı olmayacaq. Daha bir sonuncu yeni nəsil qatarı üzərində sınaq və tənzimləmə işlərinə başlanılıb. Yaxın günlərdə həmin qatar da xəttə veriləcək. Onu da əlavə edək ki, bu il “Bakı Metropoliteni” QSC yeni vaqonların alınması məqsədilə işlərini davam etdirir. Hazırda texniki tapşırıqlar üzərində fəal iş aparılır.