Müdafiə Sənayesi Nazirliyində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Nazirliyinin mətbuat xidmətindən Fins.Az-a bildirilib ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Daha sonra nazirliyin inzibati ərazisində yerləşən Şəhidlər Memorial Abidə Kompleksinin önünə gül dəstələri düzüblər.
Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbiri nazirliyin Aparat rəhbəri Zaur Əliyev açaraq gənc əməkdaşları müdafiə sənayesi naziri Mədət Quliyevin adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin 2 fevral 1997-ci ildə imzaladığı Fərmanla təsis edildiyini və bunun Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymət olduğunu diqqətə çatdırıb. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq Azərbaycanda Gənclər Gününün təsis edilməsi bu sahəyə göstərilən qayğının bariz təzahürüdür. Dahi şəxsiyyət tərəfindən təməli qoyulmuş və bu gün də uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvər ruhda tərbiyəsi və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığı vurğulanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. Nəticədə bu gün Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər.
Tədbir zamanı nazirliyin birlik və müəssisələrində çalışan qabaqcıl gənc əməkdaşlar “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı, fəxri fərman, “Qabaqcıl işçi” döş nişanı və pul mükafatı ilə təltif olunublar.
Sonda Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş “Xalqın adamı” sənədli filmi nümayiş olunub.