“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarix-memarlıq, həmçinin təbiət abidələrindən ibarət təqvim-kataloq hazırlanıb.
QSC-dən Fins.Az verilən məlumata görə, Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilən layihədə əsas məqsəd QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunun təkcə faydalı qazıntı yataqları ilə zəngin bölgə kimi deyil, həmçinin füsunkar təbiətə, memarlıq və arxeoloji abidələrinə malik qədim yaşayış məskənlərindən biri kimi təqdim etmək, abidələrin və ümumilikdə rayonun turizm potensialının təbliğinə töhfə verməkdir. Bu məqsədlə yüksək keyfiyyət və nəfis tərtibatda hazırlanan 2023-cü ilin təqvim-kataloqunda rayon ərazisində mövcud olan və özünəməxsusluğu ilə seçilən 12 abidənin fotosu və onlara dair məlumatlar öz əksini tapıb.
Layihənin davamı olaraq cari il ərzində rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli abidələrin mühafizəsi və tanıdılması məqsədilə məlumat lövhələrinin hazırlanıb quraşdırılması və “Daşkəsən abidələri” adlı kataloqun nəşr edilərək, geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.