Azərbaycanda dərman qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir.
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov bildirib. Onun sözlərinə görə, bu qiymətlər əczaçılıqla məşğul olan şirkətlərin təqdim etdiyi qiymətə əsasən təyin olunur.
“Qiymət tənzimlənməsi şəraitində rəqabət olmur. Bizə daxil olan şikayətlər əsasında onu müşahidə edirik ki, istehlakçılar bioloji aktiv məhsulların qiymətindən narazıdır. Bu məhsullar isə azad rəqabət şəraitində fəaliyyət göstərir və tənzimlənən qiymətlər yuxarı-aşağı satıldığı halda buna nəzarət edirik”, - deyə Elnur Bağırov əlavə edib.
Rəis müavini həmçinin vurğulayıb ki, Tarif Şurası tərəfindən təyin olunan qiymətlər həmin rəqəmdən fərqli qiymətə satılırsa birbaşa qanun pozuntusu sayılır və qanunamüvafiq addımlar atılır: "İstisna etmirəm ki, bəzi dərman qiymətləri Tarif Şurası tərəfindən qalxır. Çünki logisitika xərcləri, məhsulun maya dəyərində olan artım buna təsir edir. İstehlakçılar qiymətdən narazı olduğu halda Tarif Şurasının saytında həmin qiyməti araşdıraraq bizə müraciət edə bilərlər".