SOSİUM

21 Yanvar

“Azəriqaz” yerli istehsal olan qaz sayğaclarını sınaqdan keçirir

Ötən ilin sonunda “Gəncə Cihazqayırma Zavodu” ASC “Azəriqaz” İstehsalat Birliyinə (İB) 2000 yerli istehsal olan qaz sayğacı təqdim edib.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov deyib. Onun sözlərinə görə, hazırda təqdim olunan qaz sayğacları “Azəriqaz” İB-nin Metrologiya Departamentində sınaq qurğularından keçirilir.

“Əlavə olaraq bu sayğacların fərqli iqlim şəraitində, müxtəlif regionlarda və müxtəlif sərfiyyat üzrə quraşdırılması, sınaqdan keçirilməsi də nəzərdə tutulub”, - deyə şöbə rəisi qeyd edib. Görüş zamanı limit məsələsinə toxunan şöbə rəisi ötən il ərzində abonentlərin 43,5 faizinin minimal limitdən, yəni 1200 kubmetrədək (1 kubmetr-12 qəpik), 41,5 faizinin 1200-2500 kubmetr arası (1 kubmetr-20 qəpik), 15 faizinin isə 2500 kubmetrdən çox olan hissəsindən (1 kubmetr-25 qəpik) istifadə etdiyini vurğulayıb.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ötən il ərzində “Azəriqaz”a daxil olan müraciətlərin sayı ilə bağlı statistik məlumatı media nümayəndələrinin diqqətinə çatdırıb. Şöbə rəisi qeyd edib ki, 2022-ci il ərzində birliyə ümumilikdə 8778 müraciət daxil olub. Onun sözlərinə görə, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qazlaşma, kənd və qəsəbələrin, həmçinin yeni yaşayış massivlərinin qazlaşdırılması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.