SOSİUM

19 Yanvar

“Azəriqaz” yerli istehsallı sayğacları sınaqdan keçirir

Ötən ilin sonunda “Gəncə Cihazqayırma Zavodu” ASC SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 2 000 yerli istehsalı olan qaz sayğacı təqdim edib.

Fins.az xəbər verir ki, bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sayğaclar “Azəriqaz” və “Gəncə Cihazqayırma Zavodu” arasında 2021-ci ilin noyabrında imzalanmış memorandum çərçivəsində təqdim olunub.

“Hazırda təqdim olunan qaz sayğacları “Azəriqaz” İstehsalat Birliyinin metrologiya departamentinin sınaq qurğularından keçirilir, yoxlanılır”, - Rövşən Məhyəddinov qeyd edib.

Onun sözlərinə görə, əlavə olaraq bu sayğacların müxtəlif iqlim şəraitlərində, müxtəlif regionlarda və müxtəlif sərfiyyat üzrə quraşdırılması və sınaqdan keçirilməsi də nəzərdə tutulub.

Rövşən Məhyəddinov onu da əlavə edib ki, 2023-ci ilin əvvəlinə müəyyən olunan 600 minə qədər dövrü yoxlama müddəti bitmiş qaz sayğaclarının 300 minə qədərinin əvəz olunması planlaşdırılır. Eyni zamanda, qeyri-əhali abonentlərində quraşdırılan 30 min məişət qaz sayğacları da var, bunlarından da 4 400-nün dövrü yoxlama müddəti tamam olub və plan olaraq onların da əvəz olunması nəzərdə tutulub.