“General Avto Company” firmasının istismarında olan 189 nömrəli (Nardaran qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.
Bu barədə Fins.Az-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.
Bildirilib ki, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib olub. 16.01.2023-cü il tarixindən bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada həyata keçiriləcək.
Qeyd edilib ki, 189 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Nardaran qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasına imkan verəcək.