SOSİUM

13 Yanvar

“Azəriqaz”: Azərbaycanda dəm qazından zəhərlənmələr kəskin azalıb

Azərbaycanda son 12 ildə dəm qazından zəhərlənmə və partlayış tipli hadisələrin sayı kəskin azalıb.

Fins.Az xəbər verir ki, bunu "Azəriqaz"ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində dəm qazından zəhərlənmə və partlayış tipli hadisələrin sayı 280 civarında olub, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə kəskin azalma deməkdir. 2011-ci ildə qeyd olunan göstəricinin sayı 1 000-ə yaxın olub, bunlarında çoxu dəm qazından zəhərlənmə hadisələrin payına düşüb.

İlkin Behbudov onu da əlavə edib ki, 2011-ci ildə Bakı və Abşeron rayonu üzrə abonentlərin sayı təxminən 760 min civarında idisə, 2022-ci ildə bu göstərici artıq 1 270 min olub. Qeyd olunan dövrdə regionlar üzrə də abonent sayına görə əhəmiyyətli artım müşahidə olunub (təxminən 600 mindən 1 390 minədək artım).

“Abonent sayının artmasına baxmayaraq həm dəm qazından zəhərlənmə hadisələri, həm digər hadisələr dəfələrlə azalıb. Bu onu göstərir ki, bəli, nəticə var. Ancaq biz bu nəticəni sıfıra endirmək uğrunda çalışırıq”, - İlkin Behbudov vurğulayıb.

©APA