“Azəristiliktəchizat” ASC fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində abonentlərin və isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi layihəsinə start verib.
QSC-dən Fins.Az-a verilən məlumata görə, “Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilən əhali və qeyri-əhali istehlakçı qrupuna aid olan abonentlər barədə məlumatların, həmçinin isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi məqsədi ilə Cəmiyyətin əməkdaşları tərəfindən istehlakçıların inventarizasiyasının aparılması nəzərdə tutulur. İnventarizasiyanın aparılması işlərinə Cəmiyyətin peşəkar işçiləri cəlb edilmiş və müvafiq qaydada təlimatlandırılmış, Cəmiyyətdə işləmələrini təsdiq edən vəsiqələrlə təmin edilib.
Prosesə Bakı şəhərində 22 İstilik Sistemləri İstismar Sahəsi, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələrinin əməkdaşları cəlb olunub.
Layihə “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri və respublikanın regionlarında balansında olan 3871 yaşayış binasını əhatə edən 180 minə yaxın mənzil, 2851 büdcədən maliyyələşən və ya sosial və digər təyinatlı təsərrüfat obyektlərini əhatə edəcək.
"Vətəndaşlarımıza müraciət edərək mənzillərdə isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi aparılarkən Cəmiyyətin əməkdaşlarına müvafiq şəraitin yaradılmasını xahiş olunur", - məlumatda qeyd olunur.
Azəristiliktəchizat ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin keyfiyyətli istilik təchizatını təmin etməkdən ibarətdir.
Bu xidmətləri yüksək keyfiyyətdə göstərmək üçün Cəmiyyət 560 qazanxana, 1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1300-dən artıq qazan aqreqatı, 3000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün 20000-dən artıq müxtəlif mühəndis qurğularını istismar edir.
Cəmiyyətdə 1200-ə yaxın daimi, 1100-ə yaxın mövsümü işçi fəaliyyət göstərir və onlardan 500-ə yaxını respublikanın regionlarında çalışır.