SOSİUM

11 Yanvar

Mənzillərin ümumi sahəsi necə hesablanmalı, aldanan vətəndaş nə etməlidir?

Mənzil Tikinti Kooperativlərindən müqavilə ilə mənzil alan vətəndaşlar sonradan əmlak çıxarışı alarkən əksər hallarda problemlə üzləşir. Belə ki çıxarışda mənzilin sahəsi müqavilədə göstərilən rəqəmlə üst-üstə düşmür, sahə daha az hesablanır.

Bəs mənzillərin ümumi sahəsi necə hesablanmalıdır?

Fins.az-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yeni tikilən çoxmənzilli binalarda sahələr artıq göstərilir, yəni vətəndaş aldadılır.

"Mənzil alan şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilin çıxarışın (kupça) aldıqda mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görür. Belə ki, əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir".

E.Fərzəliyev qeyd edib ki, bu qanunvericiliyin pozulmasıdır.

"Bununla da müqaviləyə yazılan mənzilin sahəsi ilə çıxarışda olan rəqəmlər fərqli olur. Belə ki, mənzilin sahəsi çıxarışda az göstərilir. Məsələn mənzil alan şəxs müqaviləyə əsasən 100 kvadrat mənzil alıbsa çıxarışda 90 kvadrat yazılır. Belə olıduqda vətəndaş mənzili satarkən maddi 10 kvadratın pulunu itirmiş olur. Bu da qanunlardakı bo.luqlardan irəli gəlir. Bu halların baş verməməsi üçün mütləq nəzarət mexanizmi olmalıdır", - deyə ekspert bildirib.

Bununla bağlı hüquqşünas Arif Nəzərov Trend- ə bildirib ki, belə hallarla yüzlərlə vətəndaş qarşılaşır.

Onun sözlərinə görə, ümumi sahə üzrə çıxarış (kupça) və müqavilədəki fərqi görən mənzil sahibi bununla bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu tələb edə bilər.

"Əgər tikinti şirkəti qanunazidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər",- deyə hüquqşünas qeyd edib.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən Çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması" qaydalarına uyğun olaraq aparılmalıdır.

Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir.

Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.

Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir.

Beləliklə balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 m² olduqda, 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 m² sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır.