Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və agentliyin nümayəndələri Bakının Zabrat qəsəbəsində yerləşən "Azmeat Production" MMC-nin ət kəsimi müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Bu barədə Fins.az-a KOBİA-dan bildirilib.
Məlumat verilib ki, "Azmeat Production" MMC 2017-ci ildən fəaliyyət göstərir. Müəssisə iri və xırda buynuzlu heyvan kəsimi, ət emalı və satışı ilə məşğul olur. Müəssisədə gün ərzində 100-150 baş iri, 300-500 baş xırda buynuzlu heyvan kəsilərək saxlama kameralarında soyudulur və satışa çıxarılır. Müəssisə halal və “ISO 22000:2018” sertifikatlarına malikdir.
Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri ilə müəssisənin rəhbərliyi arasında biznes subyektinin inkişaf ehtiyaclarına dair fikir mübadiləsi də aparılıb.