SOSİUM

11 Yanvar

Dövlət Gömrük Komitəsi daha bir elektron xidmətin tətbiqinə başladı

Dövlət Gömrük Komitəsi (DGK) daha bir elektron xidmətin tətbiqinə başladı.

Fins.az xəbər verir ki, bu barədə DGK-nın Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev yanvarın 11-də xidmətin təqdimatı ilə bağlı keçirdiyi təqdimatda bildirib.

O qeyd edib ki, “Şəxsi Hesab Vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına imkan verir.

Pilot variantda istifadəyə verilən yeni elektron xidmət biznes fəaliyyətinin daha səmərəli və çevik şəkildə təşkili, maliyyə-uçot sisteminin düzgün qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Yeni elektron xidmət xarici ticarət iştirakçılarına rəsmiləşdirmə zamanı avans gömrük ödənişlərindən istənilən gömrük orqanı və gömrük ödənişi üzrə istifadə etməyə, balans məbləğini, gömrük borcunu onlayn rejimdə izləməyə imkan verir. Həmçinin ödənişlər barədə məlumatlar anında gömrük orqanına ötürüldüyündən rəsmiləşdirilməyə sərf olunan müddəti azalır.

“Şəxsi hesab vərəqəsi”ndə müəyyən tarix intervalı və nömrələr əsasında gömrük bəyannamələri barədə məlumat almaq, gömrük rüsumları, ƏDV, aksiz vergisi, gömrük yığımları üzrə hesabatları da izləmək mümkündür ki, bu da biznes fəaliyyətinin düzgün və səmərəli şəkildə qurulması baxımından əhəmiyyətlidir. Məqsəd əməliyyatların rəqəmsal həllər əsasında avtomatlaşdırılması, gömrük-biznes münasibətlərində təmasın minimuma endirilməsi, asan, sürətli və çevik xidmət, maksimum məmnuniyyətdir", - deyə Tariyel Alverdiyev diqqətə çatdırıb.

©AZƏRTAC