Yanvarın 9-da qarlı hava şəraiti ilə əlaqədar olaraq, gecə saatlarından Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışıb.
Bu barədə Fins.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Açıq hava şəraitində yerləşən elektrik depolarında Qarla mübarizə qərargahlarının fəaliyyəti operativ tədbirlər planına uyğun tənzimlənib. Qeyd edək ki, qışa hazırlıq “Bakı Metropoliteni” QSC-nin sədrinin əmrinə əsasən, 2022-ci il iyunun 22-də bütün təsərrüfat sahələrinin qışa hazırlığı və onun sabit işinin təmin edilməsi məqsədilə növbətçilik cədvəlləri, o cümlədən əməkdaşların yaşayış məkanı və şəxsi əlaqə vasitələri barədə məlumatlar hazırlanmaqla müntəzəm yoxlanması, işçilərin texniki məşğələ və təlim-məşqlərə cəlb olunması həyata keçirilir, bütün texniki vasitələr optimal hazırlıq vəziyyətində saxlanılır. Bu plana uyğun olaraq, həyata keçirilən əməliyyat tədbirləri vaxtında yerinə yetirilib. Səhər saatlarından qatarların xəttə verilməsi, stansiyaların açıq hava şəraitində olan giriş sahələrinin qardan və buzdan təmizlənməsi vaxtında təmin edilib.
Bütün gün ərzində depolar və stansiyalar, xüsusən açıq sahələr tam nəzarətdə saxlanmaqla metropolitenin, o cümlədən qatarların hərəkətinin, stansiyaların infrastrukturunun normal iş rejimində fəaliyyəti təmin edilib.
Yanvarın 9-da Bakı metropolitenindən 661 min 593 sərnişin istifadə edib.
Hazırda nəzarət mexanizmləri optimal səviyyədə qorunub saxlanılır.