“Ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsin ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir”.
Fins.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, həmçinin otaqların tez-tez havalandırılması və xəstə ilə, ələxsus uşaqların, hamilə qadınların, yaşlı və ağır xroniki xəstəlikləti olanların təmaslarının tamamilə istisna edilməsi, xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur:
“Eyni zamanda, xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, geçikmədən həkimə müraciət edilməsi zəruridir.
Qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür”.