"Şadlıq saraylarında təmizləyici qurğulardan istifadə vəziyyəti qənaətbəxş deyil".
Fins.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən 49 ictimai iaşə və şadlıq sarayından 24-də atmosferə atılan zərərli tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici qurğuların quraşdırılmadığı və atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib: "Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 40 şadlıq sarayı və ailəvi istirahət mərkəzlərindən 15-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Gəncə şəhərində 3 şadlıq sarayında atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, 8 sadlıq sarayı və ictimai iaşı obyektində isə atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədi ilə quraşdırılmış qaz-toz tutucu qurğuların istismar qaydalarına riayət edildiyi və atmosfer havasına atılan tullantıların yol verilən hədd daxilində olduğu müəyyən edilib".
Xidmət rəisi vurğulayıb ki, qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protokollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub, atmosfer havasının mühafizəsi məqsədilə müvafiq təmizləyici qurğuların quraşdırılması barədə onlara məcburi göstərişlər verilib və xəbərdarlıq məktubları göndərilib.