“Pensiyaçılar rəhmətə gedən zaman dəfn üçün dövlət tərəfindən 720 manat ödəniş edilir. Təbii ki, bu məbləğ kifayət deyil, amma yas sahibinə xeyli köməkdir. Yaxşı ki, xalqımızın yasda dəftərə pul yazılmaq ənənəsi var”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, bir neçə kateqoriya təbəqə var ki, onlara da 300-400 manat dəfn pulu şamil edilir: “Pensiya fonduna kifayət qədər vəsait toplayan şəxs pensiyaya çıxmağına bir neçə ay qalmış rəhmətə gedir, lakin dəfn pulu verilmir. Bu halı sosial yanaşma baxımından qüsurlu hesab edirəm. Pensiya yaşına çatmağa 5 il qalmış şəxslər rəhmətə gedən zaman onların ailəsinə də eyni qaydada, yəni əmək pensiyasının minimum məbləğinin üç misli həcmində dəfn pulu ödənilməsini təklif edirəm. Əmək pensiyaları haqqında qanuna müvafiq dəyişiklik edilməsi bu sahədə sosial ədaləti bərpa etmiş olardı”.
Razi Nurullayev qeyd edib ki, bəzi hallarda pensiya fonduna kifayət qədər vəsait toplayan, pensiyaya yenicə çıxan şəxs gözlənilmədən vəfat edir: “Ya da hesabında kifayət qədər yüksək məbləğ olan şəxs heç təqaüd yaşına çatmadan dünyasını dəyişir. İllərlə hesabına yığılmış vəsaiti çox az müddətdə pensiya kimi alan, ya da heç ala bilməyən adam öləndən sonra qalan pul onun ailə üzvlərinə verilmir. Bu da sosial yanaşma və ədalət prinsipi baxımından doğru deyil”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, bu məsələ müzakirə olunur: “Biz aidiyyəti icra qurumları ilə bu məsələni müzakirə edirik. Nəinki pensiya yaşına az qalmış, daha aşağı yaşda vəfat edənlərə də bu dəfn pulunun verilməsini müzakirə edirik”.