Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 20 vətəndaşa minik avtomobilləri təqdim edilib.
Fins.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan geniş miqyaslı sosial dəstək paketinin şəhid ailələri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsi əhatə etdiyini, onlara sosial dəstək yönümlü 243 min xidmət göstərildiyini bildirib.
Qeyd olunub ki, bu sosial dəstək paketinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev təqdim edilib.
Bu kateqoriyalardan olan vətəndaşlara 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1000-i təqdim edilib.
44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinin, həmin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin də 2021-ci ilin əvvəlindən mənzillə təminatı həyata keçirilir.
Mühüm sosial proqramlardan biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatıdır. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də bu proqramla əhatə olunaraq avtomobillə təmin edilirlər.
Hazırda təqdim edilən 20 avtomobil də daxil olmaqla postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən çox avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, bu gün isə avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.