Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Xocasən-Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında tikilir.
Layihə üzrə keçidin ümumi uzunluğu 30 metr, daxili eni 3.8 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq.
Hazırda keçiddə montaj işləri görülür.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.