SOSİUM

24 Oktyabr

Badamdar qəsəbəsində iki küçənin təmiri yekunlaşır

Badamdar qəsəbəsi üzrə 16-cı və Tofiq Məmmədov küçələrində aparılan təmir işləri yekunlaşmaq üzrədir.  

560 metr uzunluğa malik olan Tofiq Məmmədov küçəsinin eni ortalama 9.5 metr təşkil edir. 

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunub. 

Uzunluğu 570 metr təşkil edən 16-cı küçədə sadalanan işlərlə yanaşı küçəboyu 130 p/m bordür daşları düzülüb. 

Hazırda hər iki küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.  

Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə küçələrdə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə 9 km-ə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 km təşkil edən küçələrin təmiri işləri icra olunur.