SOSİUM

30 Sentyabr

Artıq ödənilmiş məbləğin əmək pensiyasından məhkəmə qaydasında tutulacağı hallar müəyyənləşir

Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından hansı hallarda məhkəmə qaydasında tutulacağı müəyyənləşir.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclaslnda müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından yalnız aşağıdakı hallarda məhkəmə qaydasında tutulur:

- rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

- qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

- inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.