SOSİUM

05 Sentyabr

Bakının Tbilisi prospektində təmir işləri başa çatıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Tbilisi prospektində təmir işlərini yekunlaşdırıb.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir işləri prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər uzunluğu 1 630 metr olan hissəsində hər iki istiqamət üzrə aparılıb.

Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.

Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 39 260 kvadratmetr sahədə təmir işləri aparılıb.

Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunub. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilib. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq, zəruri hallarda iki növbəli iş qrafiki tətbiq edilib.

Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ərazidə hərəkətin təhlükəsizliyini və faziləsizliyini təmin edib.

Aparılan təmir işləri bitəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospekt müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə Tbilisi prospekti ilə yanaşı artıq II Alatavanın 2 kilometr uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin də təmiri yekunlaşıb.

2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3,5 kilometr olan küçələrdə təmir işləri aparılıb.