SOSİUM

05 Sentyabr

İran rəsmisindən Rəşt-Astara dəmir yolu ilə bağlı açıqlama

Rəşt-Astara dəmir yolunun tezliklə tikilib başa çatdırılmasında məqsəd İranla Azərbaycan Respublikasının dəmir yolları sistemlərini birləşdirməkdir.
Bunu İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Dövlət Şirkətinin sədr müavini Abbas Xətibi deyib. Şirkətin Dəmir yolları tikintisi sektoruna rəhbərlik edən A.Xətibi nəzərə çatdırıb ki, Rəşt-Astara Qəzvin-Rəşt-Astara dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi 12-ci hökumət zamanı tikilib istifadəyə verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir.

O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti beynəlxalq əhəmiyyət daşıyır. Bu yolun tikintisi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirak edən bütün dövlətlər üçün əhəmiyyətlidir.

Qeyd edək ki, Rəşt-Astara yolu hazır olduqdan sonra Avropa ilə Asiya arasında geniş nəqliyyat dəhlizi yaranacaq. Bu da iki qitənin ticarət əlaqələrini və tranzit imkanlarını artıracaq. Yüklər Rusiyadan dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rəşt-Astara dəmir yolu ilə İrana çatdırılacaq. Buradan isə Fars körfəzi və Cənub Şərqi Asiya ölkələrinə daşınacaq. Yüklərin əks istiqamətə də bu yolla daşınması İran və Azərbaycanı logistika və tranzit mərkəzinə çevirəcək.

(c)Azərtac