SOSİUM

05 Sentyabr

“ADY Container” ilk dəfə Orta Asiyadan Avropaya gübrə daşınmasını təmin edib

“ADY Container” MMC (“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi) ilk dəfə Orta Asiyadan göndərilən gübrəni Rumıniyanın Konstanta limanına çatdırıb.

“Mineral gübrə 24 konteynerdən ibarət blok qatar Özbəkistandan yola salınıb. Qatar Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra 40 futluq konteynerlər Xəzər dənizində fider daşımaları həyata keçirən “Mahmud Rəhimov” gəmisi vasitəsilə Ələt limanına gətirilib. Burada platformalara yüklənərək dəmiryolu ilə Gürcüstanın Batumi limanına, daha sonra isə “Rəsul Rza” fider gəmisi ilə Konstantaya çatdırılıb”, -“ADY Container”ə istinadən məlumat verir.

Şirkətin məlumatına görə, “Rəsul Rza” fider gəmisi"ADY Container" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Qara dənizdə birgə layihəsidir və əsasən Çindən Avropaya və əks istiqamətdə yükdaşımalarda istifadə olunur.

“Bu xidmətə Orta Asiyadan gələn yüklərin cəlb edilməsi yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa ilə yanaşı, Orta Asiya- Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artmasına, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrilməsinə xidmət edəcək”, - məlumatda qeyd olunur.