Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən icra və probasiya, habelə qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə bu il iyulun 7-də keçirilmiş növbəti test imtahanında müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılmış namizədlərlə avqustun 23-dən etibarən söhbət keçirilməsinə başlanılacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək söhbətin vaxtı barədə hər bir namizədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.
Bildirildiyi kimi, namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan hazırlıq kursları hazırda da davam edir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.
Əlavə məlumatları (012) 538-01-62, (012) 537-04-87 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
© azərtac