Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ötən ildən başlayaraq peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi və peşə hazırlığını həyata keçirən müəssisələrin müsabiqə yolu ilə seçilməsi mexanizmini tətbiq etməyə başlayıb.
Bunun nəticəsidir ki, özəl tədris müəssisələrinin peşə hazırlığında iştirak payı əhəmiyyətli dərəcədə artıb. Belə ki, cari ilin ötən dövrü ərzində Agentliyə adambaşı maliyyələşmə prinsipi əsasında peşə hazırlığının təşkili üçün 77 özəl tədris müəssisəsi tərəfindən müraciət daxil olub və onlardan 43-ü ilə əməkdaşlığa başlanılıb. Müdavimlərin tədrisdən sonra məşğulluğunu təmin etmək öhdəliyi əsasında Agentlik tərəfindən özəl peşə hazırlığı müəssisələrinə sifarişlər verilib və nəticədə 1380 işsiz şəxs peşə hazırlığı kurslarına cəlb olunub.
Yeni maliyyələşmə mexanizminin məqsədi peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması, eləcə də dövlət sektoru ilə özəl sektor arasındakı əməkdaşlığın genişləndirilməsidir.