Cari ilin I yarımilinin yekunlarına dair müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, sosial islahatların növbəti ildə də davam etdirilməsi üçün təkliflər hazırlanaraq dövlət başçısına təqdim ediləcək.
Fins.az-ın məlumatına görə, bu barədə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir son illər sosial ödənişlərdəki ciddi artımları qeyd edib. O, son 3 il yarım ərzində Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən 3 sosial islahat paketinin icra olunduğunu deyib.
Bunun üçün yalnız dövlət büdcəsindən əlavə olaraq 6 milyard manat, yəni ölkənin icmal büdcəsinin 20 faizindən çox vəsait ayrıldığını qeyd edib.
S.Babayev həmin dövrdə minimum əmək haqqının 2,3 dəfə, əməkhaqqı fondunun 2,2 dəfə artdığını, əməkhaqqı fonduna əlavə 8 milyard manat yönəldildiyini bildirib.
Median əmək haqqında 86 faiz, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 75 faiz artım baş verdiyini diqqətə çatdırıb.
Nazir sosial müavinət və təqaüdlərdə də 3,5 dəfə artım olduğunu deyib. Müavinət və təqaüd istiqaməti üzrə ayrılan illik vəsaitin 2018-ci ilə nisbətən 400 milyon manatdan 1 milyard manat artaraq 1,4 milyard manata çatdığını bildirib.