SOSİUM

06 İyul

Bakıda bir neçə restoran cərimələnib

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya normadan artıq tullantı atılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, təmizləyici qurğulara texniki xidmət göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, keçirilən növbəti monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Nizami rayonları ərazisində fəaliyyət göstərən “Pink House”, “Kişmiş”, “Sonalar Sonası”, “Üzeyir”, “Hissa”, “Qızıl Qaya” və “Qızıl Buta” restoranlarından, eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən “Yaşıl Bağ” iaşə obyektindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.

“Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən, sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib.

İctimai-iaşə obyektlərinin istismarçılarına bir daha çağırış edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər”, - mətbuat katibi deyib.

Ölkə ərazisində monitorinq və nəzarət tədbirləri davam etdirilir.