Batumi Limanından Çinlə Avropanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə birləşdirən yeni xidmətə start verilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) arasında əməkdaşlıq sayəsində mümkün olub.
Layihə çərçivəsində Gürcüstanın Batumi və Rumıniyanın Konstanta limanları arasında fider gəmisi fəaliyyətə başlayacaq. Konteynerləri Batumidən Konstanta limanına və əks istiqamətdə çatdıracaq gəmi ayda 6 reys həyata keçirəcək.
Çin və Avropa arasında yeni dəmir yolu (dəniz əlaqəsi) hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək və Çinlə Avropanı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.
Xatırladaq ki, "Orta Dəhliz" kimi də tanınan TİTR, Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə qədər uzanır və yeni İpək Yolunun bir hissəsidir. O, orta əsrlərdə Asiyanı Aralıq dənizi və Avropa dünyası ilə birləşdirən qədim İpək Yolu kimi fəaliyyət göstərir.