SOSİUM

20 İyun

Anar Kərimov: “Pensiyaçılar üçün təsis edilən vəsait 86 milyon manat artırılıb”

“Əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Prezidentin fərmanı və sərəncamlarına əsasən, pensiyaçılar üçün təsis edilən vəsait 86 milyon manat artırılıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O deyib ki, Prezidentin fərman və sərəncamları ilə ümumi şərtlərlə pensiya alan 1,1 milyon pensiyaçının ödənişləri indeksasiya olunub, əlavə olaraq 200 manat məbləğində maddi yardım müəyyən edilib: “Xüsusi şərtlərlə pensiya alan pensiyaçıların ödənişləri isə 10 % indeksasiya olunub. Bu sosial dəstək tədbirlərinin ümumi maliyyə tutumu 440 milyon manat məbləğindədir. Bu məbləğin 86 milyon manatı dövlət büdcəsi hesabına, 354 milyon manatı isə Fondun əlavə gəlirləri və daxili büdcəsi hesabına qarşılanacaq. Xüsusi olaraq qeyd olunmalıdır ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 1,8 milyard manat artmasına baxmayaraq, 2022-ci ildə transferdən gəlirlərin payı 2017-ci illə müqayisədə 16 % azalıb. Cari ildə Fondun xərcləri gəlirlərinə bərabər olaraq proqnozlaşdırılıb. 2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaçıların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği 2022-ci ildə təsdiqlənmiş büdcəsinin göstəriciləri ilə müqayisədə 6 %, 2021-ci ilin büdcəsi ilə müqayisədə isə 15 % artımla nəzərə alınıb”.