Bu ilin yanvar-aprel aylarında "Azəriqaz" İstehsalat Birliyi 3 817 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 321 mln. kubmetr çoxdur.
Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə qazpaylayıcı şəbəkəyə verilən qazın 2 926 mln. kubmetri əhali, 891 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.
R. Əliyev onu da qeyd edib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə itkilərin azalma tempi 88 mln. kubmetr və 3,3 faiz bəndi təşkil edib.
Bununla yanaşı, yanvar-aprel aylarında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 98% təşkil edib (əhali – 96%, qeyri-əhali – 101%), bu da illik müqayisədə 13 faiz bəndi çoxdur.
İB rəsmisinin sözlərinə görə, hesabat dövründə "Azəriqaz" üzrə 19 919 yeni abonent qeydə alınıb, onlardan 18 935 əhali, 984-i isə qeyri-əhali abonentlərinin payına düşüb.
Ruslan Əliyev əlavə edib ki, may ayının 1-nə olan məlumata görə, “Azəriqaz” üzrə ümumi abonentlərin sayı 2 461 172 təşkil edib.