"Azəriqaz" İstehsalat Birliyi 2022-ci ilin birinci rübündə 3 milyard 276 milyon kubmetr qaz qəbul edib.
Fins.az-ın məlumatına görə, bunu birliyin baş direktoru Ruslan Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, təkcə mart ayı ərzində 1 milyard 114 milyon kubmetr qaz qəbul edilib.
"Yanvar-mart aylarında qəbul olunmuş qazın 706 milyon kubmetri sənaye, 2 milyard 570 milyon kubmetri isə əhali istehlakı üzrədir.
O cümlədən, mart ayı üzrə 251 milyon kubmetr sənaye, 763 milyon kubmetri isə əhali istehlakı üzrə olub", - deyə Baş direktor bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin birinci rübü ilə müqayisədə bu il 247 milyon kubmetr əlavə qaz qəbul edilib: "Əhali istehlakı üzrə 60 milyon kubmetr azalma olub, qeyri-əhali üzrə isə 307 milyon kubmetr artıq qaz qəbul olunub".