SOSİUM

08 Aprel

Bakı metrosunun yeni stansiyasının inşasının ikinci mərhələsi yekunlaşır

Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasının ikinci mərhələsi yekunlaşmaq üzrədir.

Fins. az-ın məlumatına görə, bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir.
Stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir və üç inşaat zonasından ibarətdir.
Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma Bənövşəyi xəttin digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçündür.
Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq.
Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.