SOSİUM

06 Aprel

Qapalı məkanlarda maska tələbi ləğv oluna bilər? - AÇIQLAMA

Hazırda bir çox ölkələrdə yoluxma sayı azaldığı üçün karantin qaydaları yumşaldılıb, maska tələbi ləğv edilib. Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da, maska və COVID pasportu ilə bağlı tələblər qüvvədədir. Epidemioloji göstəricilər nəzərə alınaraq ölkəmizdə də maska tələbi ləğv oluna bilər?

Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib ki, COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində tətbiq olunan karantin qaydaları bir sıra ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq yumşaldılsa da, unutmayaq ki, virus hələ də bizimlədir.

“Maskadan istifadə və digər məhdudiyyətlərlə bağlı qərarlar epidemioloji vəziyyət nəzərə alınaraq verilir. Maska taxmaq xüsusilə qapalı yerlərdə virusa yoluxmanın qarşısını almaq üçün vacibdir. Bu səbəbdən hələ də bir çox ölkələrdə ictimai nəqliyyat kimi əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə qərarı qüvvədədir. Azərbaycanda maskadan istifadə ilə bağlı hər hansı qərarın qəbulu qarşıdakı müddətdə yoluxma hallarının sayından asılı olaraq veriləcək”, – deyə qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 5-nə olan məlumatına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər sağalıb, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək isə ümumilikdə 792 103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib, aktiv xəstə sayı 319 nəfərdir.