SOSİUM

04 Aprel

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyətində YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) də fəaliyyətini İSO standartlarına uyğun qurmaq üçün hazırlıq işləri aparır.

Nazirlikdən verilən məlumata görə, mərkəz öz fəaliyyət sahələrində ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi. Tələblər), ISO 20000 (İnformasiya Texnologiyaları xidmətlərinin idarəolunması və texniki dəstək) və ISO 27001 (İnformasiya Təhlükəsizliyi üzrə idarəetmə  Sistemi) standartlarının tətbiqinə başlayacaq.

Fəaliyyətin qeyd olunan standartların tələblərinə uyğunlaşdırılması məqsədilə ilkin olaraq DOST RİM əməkdaşları üçün interaktiv formada təlimlər keçiriləcək.

Növbəti mərhələdə isə standartların idarəetmə sistemində tətbiqi, habelə informasiya təhlükəsizliyi və risklərin, innovativ yeniliklərin idarə edilməsi sistemlərinin yerli və beynəlxalq tələblərə uyğunlaşdırılması və yekun olaraq müəssisənin sertifikatlaşdırılması prosesi təmin olunacaq.

DOST RİM-in fəaliyyətinin ISO standartına uyğun qurulması Mərkəzin fəaliyyət sahələri üzrə işlərin keyfiyyət səviyyəsinin daha da yüksəlməsinə, innovasiyaların tətbiqi prosesinin və idarəetmə sisteminin təkmilləşdirilməsi  istiqamətində önəmli dəstək olacaq.

Mərkəz fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqini hədəfləyir.