Yeni növ koronavirus (COVID-19) pandemiyasının bitməsinə hələ çox var.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge bildirib.
O, koronavirusun Omicron ştamının Avropada pandemiyaya son qoya biləcəyinə dair bir müddət əvvəl dediyi fikirlərə də aydınlıq gətirib: “Biz çox ayıq-sayıq olmalıyıq. Mən pandemiya bitəcək deməmişəm, sadəcə bitməsinə ümid var söyləmişəm. Demişəm ki, optimist olmalıyıq. Niyə?! Bunun üçün üç faktor var. Birincisi, Omicronun yüksək şəkildə yayıldığı ölkələrdə ya vaksinasiya, ya da yoluxma səbəbindən ümumi immunitet yaranıb. İkinci faktor mövsümiliklə əlaqəlidir, çünki artıq qış bitir. Üçüncü faktor isə bundan ibarətdir ki, tam şəkildə peyvənd olunmuş insanlar Omicronu daha yüngül keçirir”.
ÜST rəsmisinin sözlərinə görə, bu faktorlar yay mövsümündə xəstəliyi daha yüngül keçirməyə imkan yarada bilər.