SOSİUM

17 Mart

Dəniz nəqliyyatı sahəsində son aylar həyata keçirilən islahatlar açıqlanıb

Bundan əvvəl üç idarənin yerinə yetirdiyi funksiyanı indi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi yerinə yetirir.

Bunu “ARB” telekanalının “Diqqət efir” verilişinə müsahibəsində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov deyib.

Qurum rəhbəri qeyd edib ki, Agentlik sıravi heyətə - növbə matrosu, növbə motorçusu, elektrik, aşpaz, gəmi kranoperatoruna diplomların verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı yeni bir addım atıb. Belə ki, artıq dənizçilər təlim-tədris mərkəzlərində təlimlərini müvəffəqiyyətlə tamamladıqdan sonra Agentliyə gəlib imtahansız diplomlarını ala bilirlər.

“Komandir heyəti də əvvəllər öz diplomlarını yeniləmək üçün Agentlikdə mütləq şəkildə imtahandan keçməli idi. Ancaq bizim atdığımız addımla artıq buna ehtiyac qalmadı. Biz təkmilləşdirmə kursunu müvəffəqiyyətlə tamamlamış komandir heyəti üzvlərini imtahan vermək məcburiyyətindən azad etdik”, - deyə Agentlik sədri vurğulayıb.